Ağ zanbaqlar ölkəsinin bundan xəbəri var?

Lala Rustamli
4 min readJun 25, 2020

- Dünən 590 yoluxma oldu
+ Hələ bu da azdır bunlara

- Polis camaatı apardı
+ Səsverməyə getməmişdi, bu camaat buna layiqdir elə

Tez-tez ölkə gündəmində yer tapan ədalətsizliklərə qarşı ən çox eşitdiyimiz xalq rəylərinin yığsaq, yəqin ki, “bu millətə bu da azdır”, “bu camaat elə buna da layiqdi” məzmunlu ifadələrin çoxluq təşkil etdiyini görə bilərik, istisna etməyək ki, bəlkə də, həyatımızın hansısa çağında, lap elə dünən də ola bilər, biz də bu qəlibdən olan cümlələrlə əsəblərimizi az sakitləşdirməmişik. Xalqın mənəvi keyfiyyəti və onu idarə edən hakimiyyət arasındakı düz-mütənasib asılılıq yeni düşüncə deyil, əsrlərdir bunun debatı gedir: xalqı formalaşdıran nədir? Tək-tək çıxan və ölkənin taleyini dəyişən qəhrəmanlar və ya canilərmi xalqı formalaşdırır, yoxsa bu ağlı qaralı liderlər xalqın hazırki vəziyyətinin, əslində, təzahürüdür? Hər nə qədər toyuq-yumurta nümunəsindən qaçmağa çalışsam da, bu bənzətməni etməyə bilməzdim, ona görə yox ki, kütləni alovlandıran qəhrəmanlar da bir yumurta kimi xalqın içindən çıxıb odu xalq kütlələrindən əldə edirlər, ona görə ki, paradokslu fikirlərin ikisinə də hə deməklə məsələni bağlamaq olar: toyuq yumurtadan, yumurta da toyuqdan, qəhrəman xalqdan çıxır, xalqı da istədiyi formaya salıb təhvil verir növbəti qəhrəmanımıza. Uzatmağa ehtiyac yoxdur.

Əsərimizin təhlilinə keçmədən Qabil haqqında iki kəlimə sözüm var. Dindar ailədə böyüməsəm belə, ( burada dinsiz demək daha məqbul olardı, lakin valideynlərimin nəyə inanıb-inanmadığını bilmədiyim üçün, onlara radikal etiketlər vurmaq istəmədim ) uşaqlığımızın ən ibrətli kanallarından olan Samanyolunun sevimli Habil ile Kabil animasiyasından bilirdim ki, Qabil pisdir, Habil yaxşı, və heç vaxt birinci sinifdə parta yoldaşımın adının Qabil olmasının səbəbini anlamamışdım, bu uşağın valideynləri bilmir ki, Qabil pisdir? Bəlkə, evlərində istənməyən uşaq var, olduqca nadinc, yeməklərin hamısını yeyir, pul çatdırmırlar ona görə də adların taleyə hökm etdiyinə inanan bizim Adəm və Həvva özləri bu uşaqdan qurtula bilmədikləri üçün mənim parta yoldaşımın adını Qabil qoyublar. Bəlkə bir ümid. Qorxurdum yanında oturmağa.

Habil ile Kabil

Hələ onda yaşım az idi, Hesse ilə tanışlığım çox sonralar olacaqdı, və bu alman mənə başa salacaqdı ki, əslində Qabil bizim aləmin qəhrəmanıdır. Bizim aləm isə Hessenin qəhrəmanlarıdır- cəmiyyət tərəfindən sevilməyən, yaltaqlıqdan uzaq, açıqsözlü qəhrəmanlar. Hesse göstərir ki, Qabil əslində alnındakı ləkəyə görə təcrid olunmuşdu, insanlar onu sevmirdi. Və bugünkü yazının əsas qəhrəmanı Qriqori Petrovun da Qabil haqqında müsbət rəyləri var, belə ki, özündə yaradıcılıq ruhu hiss edən Qabil yüksəlməyə çalışır, özünü digərlərindən və axmaq qardaşından üstün sayır, heç kəsin qarşısında əyilmir, öz daxili mədəni yaradıcılığı və xarici aləmlə əbədi mübarizə apararaq əslində mədəniyyətin başlanğıcını qoymuş olur.

Təbii ki, Qabil misalı Petrovun əsərinin əsas sujet xətti deyil, sadəcə epizoddur, müəllif vurğulamaq istəyir ki, bəs Finlandiyada Qabil haqqında bir tamaşaya getdim, gözləyirdim ki, ürəyim sıxılacaq, lakin belə bir maraqlı əsər izlədim. Bəs nədir Petrovun demək istədiyi?

Müəllif əsarətdə qalmış fin xalqının qısa bir zamanda inkişaf tarixçəsini araşdırır. Məlum olur ki, xalqın içindən çıxmış Stellman adlı bir şəxs insanları oyandırır və illər ərzində gedən inkişaf Stellmana və onun oyatdığı xalqa borcludur. Stellmanın hədəf kütləsi elə sadə xalqdır, müəllimlərə elmi sevdirməyi, ruhanilərə əxlaqı sevdirməyi, bir sözlə, hər bir fərdə öz işini sevib sevdirməyi aşılayır, bir növ indiki dünyamızın self-help gurularına bənzətmək olar Stellmanı. Şəxsi inkişafla bağlı materiallardan sonra necə coşursansa, eyni dopamin effekti verir oxucuya Stellman, kitabı yarıda qoyub “çalış öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara” missiyası ilə alovlanıb vətən üçün işə getməyə qalxırsan. Və yadına düşür ki, karantindir. İş yoxdur.

Finlərin bu kitabdan xəbəri var? Yəqin ki, müasir bir fin bu kitabı oxusa, gülər. Kitab əsasən türk xalqları arasında məşhurdur ki, bunun da səbəbi Atatürkün sevimli əsərlərindən olmasıdır, bu da başa düşüləndir, həmin dövrdə mən də xalqı oyatmaq istəsəm, bu əsəri oxudardım. Amma indiki vəziyyətdə bu kitab keçərli deyil. Kitabda razı olduğum dəyərlər çoxdur: öz işini vicdanla görmək, ətrafındakı insanlara dəstək olmaq, daim inkişafa cəhd göstərmək və s. Vicdanlı insanlar onsuz da bunu təmənnasız edirlər, heç yerdə paylaşmadan, heç kəsə bildirmədən. Kitaba olan qərəzli fikrimin səbəbi isə, pafosu romantikləşdirməsidir, bu isə təhlükəlidir, xüsusilə də düzgün iş etikası olmayan insanların əlinə düşərsə, qeyri-səmimi şəkildə istismara yol açacaq. “Vətən üçün” fikri onsuz da təhlükəlidir, uzağa getməyək, şəhidliyin romantikləşdirilməsi elə buna misaldır, ümumiyyətlə əgər hansısa dəyər uca zirvə və alilik simvolu kimi göstərilir, ünvanına şeirlər qoşulursa, demək ki, burada red flag var. Müasir təhlükələr də mövcuddur. Çox adam görürəm bəlkə də bunu oxuyub, bəlkə də oxumayıb “#vətənüçün” hashtagı ilə öz fikrini və ya məhsulunu self-promote edən. Əgər daha çox insan bu kitabı oxusa, yəqin ki, Linkedin ana səhifəmizi belə iyrənc mənzərə ilə pərdələmiş olacıq. #vətənüçün nəyin lazım olduğuna sən qərar verə bilməzsən. Öz işini layiqincə gör, bu kifayətdir, tək etməli olduğun əslində budur, bir işin qulpundan yapışıb, bir problemi az da olsa həll etmək, özün üçün, öz həyatını asanlaşdırmaq, yanındakı dostunun həyatını asanlaşdırmaq üçün, öz dəyərlərinə sadiq qalmaq, yaltaqlıq etməmək, yanlış olana susmamaq.

Bu barədə Talmud Mişnada gözəl kəlam var: kim ki, bir ruhu incidir, bütün dünyanı incidir, kim ki, bir ruhu xilas edir, dünyanı xilas edir

https://shalom.kiwi/

Amma əməldən çox səs var.

Qeyd: Bu yazı tamamilə öz düşüncələrimin məhsuludur, malı, məli kəlimələri ilə yazdığım cümlələr özümə aiddir. Heç kəsə nə etməli olduğunu demərəm, nə etməli olduğumu diktə edən insanlardan da uzaq durmağa çalışıram.

--

--