Korluğun dözülməz yüngüllüyü

Marketdə qarşıma gündəlik həyatda salam verməyə belə ərindiyim yaşlı qonşu qadın çıxdı, səbətinə əlavə etdiyi çörəklər və digər lazımsız artıq qida məmulatlarına fikir versəm də, o anda gözlərimi çəkdim. Ona görə yox ki, bu qadını və ya hər hansı bir şəxsin qida səbətini mühakimə etməyə kiminsə haqqı yoxdur, ona görə ki, gününün yarsını evdə, qalan yarısını isə məhəllədə oturub bəxtinə həmsöhbət düşəndə laqqırtı vuran, bəxti gətirməsə isə sadəcə oturub quşlara baxan bu qadının aqibəti məni zərrə qədər də maraqlandırmır. Lakin, əllərimdə 5 litrlik su qabları ilə evə qayıdarkən həyətdə “yığ yığ, hamısını yığ, aclıq olacaq” deyə istehza ilə atmaca atan bu qadını və onun sürüsündən olan insanları görəndə, lənət şeytana, indi ürəyimdən keçənləri Saramago yaxşı başa düşərdi.

Panika insanların ən pis və ən yaxşı cəhətlərini ortaya çıxarmağa qadirdir, bir insanın tanımaq istəyirsinizsə, çətin vəziyyətdə hərəkətlərini izləmək kifayət edər, həmin adam kontroldan çıxır və xarakteri yağ kimi suyun üzünə qalxır. Nəzarətdən çıxan fərdlər elə də təhlükə yaratmasa da, kütləvi nizamın pozulması, yəqin ki, bəşəriyyətin ən qorxulu halıdır. Necə ki, yuxarıdakı qadın məni maraqlandırmır, lakin həmin qadının qəbiləsindən olan insanlar çoxluğu məni dəhşətə gətirir, onları indi marketdəki bütün ərzaqları aldıqlarına görə qınamış ola bilərik, lakin onlar hər zaman mövcuddurlar, metroda nəfəsimiz az kəsilməyib ki. Mənə elə gəlir ki, dünyada olan bütün bədbəxtliklərin səbəbi elə məhz bu kütlədir, korlaşmış cəmiyyət və korlar cəmiyyətində sağlam gözlərin çəkdiyi əziyyət.

Burada kor olmaq lütfdür, çünki kor elə bilir ki, heç kim onu görmür, və heç kimin onu izləmədiyi anda əsl üzü ortaya çıxır, kimliklər, mədəniyyət, var-dövlət, əxlaq və s. artıq heç bir mənası yoxdur, bəlkə də, yalnız korlar dünyasında hər şey olduğu kimidir. Korların yaratdığı çirkabdan əziyyət çəkən varsa, o da bir cüt görən gözlərdir.

Dünyaya artıq yaxşı və faydalı bir şey verə bilməyəcəyimizi dərk etdiyimiz gün yaxşı olardı ki, həyatı tərk etməyə gücümüz çatardı. Kor gözlərdən iki damla yaş süzülsün və ilk dəfə niyə yaşadığını soruşsun, bu həyatı davam etdirməyin nə mənası var. Cavab tapmır, çünki cavablar onlara ehtiyac duyulan vaxt olmur, hətta elə olur ki, cavab gözləmək yeganə mümkün cavab olur.

Biz indi yalnız bircə möcüzə yarada bilərik, o da yaşamağa davam etməkdir, bu kövrək həyatımızı qorumalıyıq və buna hər açılan gün yenidən başlamalıyıq, sanki bizim gözlərimiz deyil, həyatın özüdür kor olan, sanki biz deyil, hansı tərəfə getmək lazım olduğunu bilməyən odur, bəlkə də, bizə şüur verdikdən sonra özünü əllərimizə təslim edib və baxın, biz onu nə hala salmışıq…

I talk to myself all the time.

I talk to myself all the time.