Niyə məktəb riyaziyyatının hörməti yoxdur?

Lala Rustamli
4 min readJun 27, 2020
Photo by Roman Mager on Unsplash

Keçən dəfə kung-fu dərsində müəllim 5 dəqiqəlik ipdən (priqilka, skakalka) tullanma sessiyasına başlatdı, və onsuz da 30 dəqiqəlik qaçma, tullanma və başqa intensiv kardio hərəkətlərindən sonra 5 dəqiqə dayanmadan ipdən tullanma, hər nə qədər istirahət kimi gəlsə də, vaxt keçdikcə daha dözülməz olmağa başlayır. Sessiya bitəndən sonra tələbələrdən biri soruşdu ki, bəs bu ipdən tullanma bizim nəyimizə lazımdır, hərçənd elə bilməyin ki, sorğulayan tələbə digər idman hərəkətlərinin istifadə qaydalarına tamamilə aşina olub amma bu hərəkət qaranlıq qaldığı üçün dedi, yox, məsələ ondadır ki, ipdən tullanma tipli kiçik amma intensiv hərəkətləri qızlar daha yaxşı bacarır və bundan yaranan qıcıq da bizim tənginəfəs olmuş tələbə yoldaşımızı özündən çıxıb belə bir sual verməyə sövq etdi, özündən çıxmaq deyirik, çünki, müəllim qayda qoyub ki, məşq vaxtı sual verməyin. Bu dəfə pozulmuş qaydaya güzəşt edən müəllim qayıtdı ki, bu idman növü sizin dözümlülüyünüzü artırır. Dözümlülük artdıqca ağır məşqlər sizə daha rahat gələcək, rahat olduqca da sürətiniz artacaq, sürətiniz artsa, həm zərbə sayınız artar, həm də zərbədən müdafiə olunmaq üçün çevikliyiniz. Məncə kifayət qədər aydın cavabdır.

Belə suallar nadirən olur. Döyüş növləri ilə məşğul olmuş şəxslər bilir ki, heç bir dərs yumruq vurmaqla başlamır, əvvəlcə yüngül qaçış, dartınma hərəkətləri, iplə tullanma, ağırlıq qaldırma….və s. Heç kəs bir futbolçu niyə ağırlıq qaldırır, və ya fiqurlu konki sürən niyə hər gün qaçır deyə sual vermir, idmançı bədəni kompleks, yəni bütöv, sistematik şəkildə işləməli və bütün əzələlər məşq etməlidir, bu əzələlərin arasında, sözsüz ki, ürək və beyin də var.

Photo by Thao Le Hoang on Unsplash

Mənə maraqlı olan mövzu, niyə heç kim bunları sorğulamadığı, sorğulasa belə, aydınladıcı cavablar tapa bildiyi halda, bir para insan məktəbdə, universitetdə keçilən kurrikulumun yararlılığını sorğulayanda heç kim cavab verə bilmir? Yanlış anlaşılmasın, sorğulama özlüyündə vacibdir, həttə Sokratın dediyi kimi, ən yaxşı öyrənmə sorğulamaqla başlayır. Mənə qaranlıq qalan məsələ isə tamam ayrıdır, məsələn, müəllim triqonometriyanı başa salanda yan partadan “bunlar bizə həyatımızda nəvaxtsa lazım olacaq?” sualı verən tələbə populyarlaşır, müəllim isə buna cavab verə bilmir, ən yaxşı halda imtahana düşəcək, imtahandan keçsən məzun olarsan və s. tipli axmaq cavablarla yola verir. Təbii ki, elmə olan sevginin başlıca toxumunu əkən məktəb müəllimləri və ya valideynlərdir, onları isə daim qınamaqdan o qədər bezmişik ki, nəyinsə dəyişəcəyinə olan ümidlərimiz də sönüb.

Xeyr, ey müdrik tələbə, axşam pubda oturanda xoşuna gələn yoldaş səni triqonometrik tənliklə sorğuya çəkməyəcək, əgər həyat dedikdə bunu nəzərdə tutursansa. Təbii ki, bu yazını oxuduğun cihazın texnologiyasından tutmuş, evinin damının niyə başına düşməməsinə qədər olan bütün suallara cavab verən riyaziyyatın sənin həyatında heç bir yeri yoxdur.

Nədənsə, heç kim futbolçudan məşğul olduğu peşənin həyatında nəyə lazım olduğunu soruşmadığı halda, belə suallarla ən çox riyaziyyatçılar qarşılaşır. Halbuki futbol nəinki problem həll etmir, hətta dərinə getsək, özlüyündə heç bir məna ehtifa etməyən əyləncə növüdür*, bir zamanlar necə ki, Romada qladiator döyüşləri özünə kütlə cəlb edirdi, o da elə. Amma bu sənət növünün məşhurluğu elə sübut edir ki, cəmiyyət axmaq insanları və dəyərləri məşhur etməkdə əvəzsizdir.

*Futbolu həyatının mərkəzinə çevirmiş şəxslər qəzəblənib hücumçu vəziyyəti almadan qeyd etmək lazımdır ki, müəllif illərdir idman növləri ilə məşğul olub və aralarında müxtəlif döyüş növləri də var, bunu nəzərə almaqda məqsəd isə, insan sağlamlığı üçün evdə oturub televizorda izlənən idman növünün heç bir rolu olmadığına aşina olduğumuzu bildirməkdir. Yəni, sağlamlıq aspektindən də futbolun bir önəmi yoxdur.

Futbolu saf-çürük etdiyimizə görə söhbətimizin məğzi olan riyaziyyat məsələsinə qayıda bilərik. Məsələ demişkən, nə qədər sıxıcı səslənsə də, özünüzü mental olaraq narahat, depressiv, kədərli hiss etdiyiniz vaxtı açıb bir məsələ işləyin. Orta məktəb məsələsi ola bilər, ali riyaziyyat ola bilər, həndəsə ola bilər- fərqi yoxdur, özünüzü heç kimə sübut etmək məcburiyyətində deyilsiniz, əqli düşüncə qabiliyyətini riyazi biliklə ölçməyin nə qədər geri olduğunu sübut edən kifayət qədər dəlil var ətrafımızda. Ömür boyu riyaziyyatı öhdəlik kimi etdiyimiz üçün onun nə qədər ağrılı bir cəza olduğu fikrini beynindən çıxarıb, sadəcə dərdlərinizdən fikrinizi yayındırmaq üçün 1 misal etməyə çalışın. Bunu adətə çevirəndən sonra nəinki problemlərin ağırlıq yükü azalacaq, eyni zamanda onlara yanaşma tərziniz də dəyişə bilər.

Hər bir riyaziyyat məsələsi həyat problemi kimidir, nəsə çatmır deyə natamamlıq var, və o çatmayanı tapmaq üçün məsələni parçalayıb, hissə-hissə həll etmək lazımdır, bəzən çatmayan şey gözümüzün önündə olduğu təqdirdə saatlarla baş yoruruq, bəzi məsələlərin isə ümumiyyətlə həlli yoxdur.

Riyaziyyatın önəmini anlamaq üçün mühəndis olmağa ehtiyac yoxdur, fəlsəfədəki bir çox həyati sualların, qəribə də olsa, riyazi cavabları var, bu söhbət isə ayrı postun mövzusudur.

--

--