Sokratdan öyrəndiyim praktik dərslər

Lala Rustamli
5 min readMar 25, 2020

--

“Bir dəfə yox, bir neçə dəfə öldürülsəm belə, mən gördüyüm bu işdə davam edəcəyəm.” — Sokrat

Karantin günlərində hər cür fəaliyyəti yoxladıqdan sonra, Mediumda yazı yazmaq və ilk yazımı da fəlsəfə aləminin “Cokeri” Sokrata həsr etmək qərarına gəldim. Əgər əyləncəli olsa, bu hikmətli yolda davam edəcəyimi düşünürəm.

David :“Sokratın ölümü”

1. Fərqli düşünmək üçün özgüvən və cəsarət lazımdır.

Danışarkən həqiqəti yox, qarşındakının bəyənəcəyi sözləri seçirik, münaqişə yaratmamaq üçün öz fikirlərimizi özümüzdə saxlayır, yuxarı vəzifəli şəxsin gülməli olmayan zarafatlara gülür, çoxluğun qəzəbindən yayınmaq üçün səbəbini bilmədən ümumi dəyərləri müdafiə edirik. Bu bizdə vicdan əzabı yaratmır, çünki bu prosesdə yalnız deyilik, zəncirvari olaraq hər kəs bu prosesin bir parçasıdır. Bu zənciri qıran şəxslər olduqca özünə güvənməli və cəsarətli olmalıdırlar. Nəyə görə məhz özgüvən və cəsarət?

Öz güvən ona görə lazımdır ki, ictimai qaydaların nəyə görə belə qurduğunu anlamasaq da, içimizdən bir səs bizim skeptik baxışlarımızı söndürəndə, yəqin ki çoxluğun bunu qəbul etməsində bir hikmət olduğunu düşünəndə, cəmiyyətin hamılıqla səhvə yol verməsini və bunun yalnız bizim dərk etməyimizin mümkünlüyünü qəbul edək, “bu qədər adamın içində tək mən çıxdım ağıllı?” istehzasına “ola bilər” cavabını verə bilək.

Cəsarət isə bu mərhələdən sonrakı hadisələrin gedişatında çıxan kütləvi mənfi rəy və təzyiqə baxmayaraq öz fikirlərimizin arxasında dura bilməyimiz üçün vacibdir. Özgüvən və cəsarət — bu ikisindən biri olmayanda, heç bir nəticə olmur.

Sadə misal: iş yerində hamılıqla qəbul edilən bir adət sizin üçün mənasız gələ bilər. Bunu səsləndirmirsinizsə, demək ki, cəsarət yoxdur. Əgər siz özgüvənsiz şəkildə bu qaydaya qarşı çıxsanız, iş yoldaşlarınız tərəfindən əks arqumentlər səsləndirildikdə, adətin niyə mənalı olduğunu hamı özü üçün izah etməyə başlayanda, peşmançılıq və vicdan əzabı çəkib, bir daha belə “səhv” etməyəcəyinizə dair özünüzə söz verəcəksiniz. Özgüvən olmadıqda şübhələrimizi boğuruq və çoxluğun ardınca düşüb gedirik, çünki özümüzü hamının əksinə olaraq əsl həqiqətləri kəşf edəcək potensialda biri kimi görmürük.

2. Mühakimə üçün istisnalar önəmlidir.

Sokrat nəzər yetirmişdi ki, ümumi düşüncənin həqiqət olduğuna kor-koranə inananlar, əslində fikrini ən tez dəyişə bilən insanlar idi. O, sadə mühakimə yolu ilə bunu sübut edə bilirdi.

Ümumi qaydalara əsaslanmış radikal düşüncələrimiz ola bilər. Sadə misal, kişi ətək(yubka) geyinməz, əgər geyinirsə, demək ki əks cinsdəndir. Qıraqdan sağlam mühakimə apara bilən bir insan gəlib bizi sorğuya çəksə, 2 sualdan sonra əvvəlki düşüncəmizi təkzib edə bilərik. Fikirləri sorğulamadan qəbul etdikdə, onlar əks hücuma qarşı müdafiəsiz olur və tez-tez belə hücumlardan sınandan sonra insanın öz güvəni və qərar vermə bacarığı zəifləyir. Belə hallar adətən kütlənin fikirlərini daha tez qəbul edən fərdlərdə və adətən qadınlarda daha çox olur, ona görə də onlar daha çox özgüvən və qərarsızlıq problemi yaşayırlar. Lakin, bu nə genetik nə də cinsi bir problem deyil və həll oluna bilən məsələdir. Sağlam mühakimə üçün Sokrat öz metodunu təqdim etmişdi:

1. Ümumi rəyə görə qəbul edilmiş bir mühakimə seçin :

a. Kişi ətək geyinməz.

b. Qatil insan vicdanlı ola bilməz və s.

2. Təsəvvür edin ki, hər kəs bu mühakimələri təsdiq etsə belə, bunlar yalnışdır. Elə bir əks dəlil, arqument tapın ki, əvvəlki fikirlər bu hallarda özünü doğrultmasın.

a. Elə bir hal ola bilər ki, kişi ətək geyinsin?

b. Başqa mədəniyyətlərdə kişi geyimləri ətək ola bilər?

c. Elə qatillər var ki, ədaləti bərpa etməyə çalışsın?

d. Vicdan əzabı çəkdiyi üçün qatil olanlar var?

3. Əgər istisnalar varsa, demək ya mühakimə doğru deyil, ya da yarımçıqdır:

a. Ətək geyinən kişilər də mövcuddur

b. Ətək geyinməyən qeyri-kişilər də ola bilər

c. Vicdanlı qatillər də var.

d. Vicdansız olub amma heç vaxt kimisə öldürməyən, və ya başqa yollarla öldürən insanlar da var.

4. Başlanğıc mühakiməni istisnalara uyğun olaraq dəyişdirək:

a. Kişi olmağın ətək geyinməklə əlaqəsi yoxdur

b. Qatil olması insanın vicdanından xəbər vermir

Və s. Əgər yenə də bu mühakimələr qarşı istisnalar varsa, yenidən proses davam etdirilir.

3. Sağlam mühakimə üçün dəlillər önəmlidir.

Ola bilər ki, bəzi fikirləri dəlillər olmadan belə doğru və ya yalnış olduğunu intuitiv olaraq sezək. Lakin buna uyğun dəlil gətirə bilməsək, arqumentimiz sönük qalacaq. Belə vəziyyətdə nüfuzlu bir şəxs bizi susdura bilər. Ona görə də, yuxarıdakı prosesə əlavə olaraq dəlillər gətirməliyik, məsələn, Şotlandiyada yaşayan William Wallace adlı bir şəxs, Oskar gecəsinə don geyinib gələn Billy Porter, və ya tarixdə mövcud olmuş qatil lakin ümumi rifahı yüksəldən şəxs(Koroğludan başlayıb bütün qəhrəmanlarınızı saya bilərsiniz), və ya “Şahsiyet”-dəki Agah bəy obrazlı nümunələr buna misal ola bilər. Dəlillər olmadan, mühakiməniz kibrit çöpləri üzərində duran evə bənzəyir, istənilən külək onu yıxar. Lakin düzgün seçilmiş dəlillərlə tamamlanmış fikir kanatlarla bərkidilmiş heykəl kimidir, onu tufan belə aşırda bilməz

4. Mühakimə edənlərin sayı deyil, onların dəlilləri və kimlikləri önəmlidir.

Əgər bizdə Sokratdakı qədər özgüvən və cəsarət yoxdursa, fikirlərimizə qarşı kütlədən əks hücum gələndə ağlayırıqsa, deməli bizim fikirlərimizə olan inamımız ətrafımızdakı şəxslərin təqdirlərindən asılıdır. Bizə qarşı çıxanların sayı yox, qoyduqları dəlillər və kim olduqları maraqlandırmalıdır. Gəlin bunlara bir bir baxaq.

Dəlillər: Əvvəlcə qarşı çıxanların motivlərini öyrənməliyik. Nəyə əsaslanıb əks fikir irəli sürürlər? Bu tənqidlərin kökündə kəskin lakin ədalətli olan da ola bilər, yüngül lakin həsəddən və paxıllıqdan yaranan da. Belə fikirləri eyni ciddiliklə qəbul etmək yalnış ola bilər. Ona görə də, əks arqumentləri cavablandırmadan öncə, arqumenti deyənin niyyəti, motivi, əhval-ruhiyyəsi də nəzərə alınmalıdır.

Kimliklər: Hər kəsin sözünə qulaq verib doğru qəbul etmək düzgün deyil, insanların baxışında ayrı seçkilik qoymaq bəzən lazım ola bilər, amma bu ayrı seçkilik kiminsə nüfuzundan, maddi vəziyyətindən və s. asılı deyil, həmin şəxsin mühakimə aparılan mövzuda nə qədər bilikli olmasından asılıdır. Məsələn, kütlə arasında online səsvermə əsasında kiminsə “ən yaxşı alim” seçildiyini düşünün. Belə bir fikir gülməli səslənir, çünki kiminsə akademik bacarıqları kütlənin yox, daha təcrübəli akademiklərin rəyinə əsasən mühakimə olunması daha məntiqlidir. Ona görə də, sizə qarşı çıxanları sayına yox, motivinə, biliyinə və sağlam mühakimə aparmaq bacarığına görə qiymətləndirin.

5. Fərqlənmək xətrinə fərqlənməyin acı nəticələri ola bilər

Sırf fikirlərimiz kütlənin düşüncə tərzinə əks olması onun həqiqət olması qənatinə gətirmir. Ola bilsin ki, bizim həqiqətlərimiz indiki dövrdə heç vaxt qiymətləndirilməsin. Sokratın ölümü təxəyyülümüzün nə vaxtsa başqa zamana və ölkələrə köçüb obyektiv qiymətləndirilməsinə ümidverici nümunə ola bilər. Lakin bu nümunə bəzilərində yanlış nəticələrə yol açmasın. Biz səhvən düşünə bilərik ki, kütlənin qəzəbi bizim düzgünlüyümüzün sübutudur, və ya digər dahilər kimi zamanında yox nə vaxtsa qiymətləndirilə bilərik. Lakin nəzərə almaq lazımdır ki, ideyaların düzgünlüyünə digərlərinin tərifi və ya tənqidi əsasında yox, rasional mühakimə nəticəsində qərar vermək lazımdır. Axı, müdrik insan hər şeyi bilən deyil, heç nəyi bilmədiyini biləndir.

Beləliklə, Sokrat bizə iki yanılmadan eyni dərəcədə qaçmağı göstərirdi- həmişə ictimai rəyə tabe olmaq və nəyin bahasına olursa olsun, kütləyə qarşı çıxmaq.

Xülasə, Sokrat sonuna qədər öz fikirlərindən dönmədi, və 72 yaşında əhalini provokasiyaya sürüklədiyi səbəbi gətirilərək məhkəməyə çıxarıldı: ya öz fikirlərindən dönüb fəaliyyətini dayandırmalı ya da ölümü seçməli idi. Onu ölümə məhkum edən hakimlərin mühakimə etmək bacarığı yox idi, onların əksəriyyəti müharibə veteranları və cüzi pula görə məhkəmədə vaxt keçirməyə gələn sıradan vətəndaşlar idi.

Diodorun yazdığına görə, Sokratı mühakimə edən hakimlərin ömrü uzun olmadı, onlar çox keçmədən Afina xalqı tərəfindən daş-qalaq edildilər. Onlara qarşı nifrət və ictimai qınaq elə həddə çatdı ki, bəziləri intihar etdilər, digərləri ölümə məhkum edildi, sağ qalan isə şəhər-dövlətdən qovuldular. Maraqlıdır, bir zamanlar Sokratı ölümə məhkum edən xalq sonra özü onun qisasını aldı və şəhərin mərkəzində onun heykəlini ucaltdılar.

Ömrünü Afinalıların arasında keçirən Sokrat yaxşı başa düşürdü ki, onlar düşünməyi sevmir, lakin o bütün həyatını bunu dəyişəcəyinə ümid etməklə keçirmişdi. O son sözünü belə bitirdi :

…Bu şəhər çox böyük və dinc bir ata bənzəyir, ancaq yeyib-yatmaqdan kökəlib, tənbəlləşib və mən də tanrının buyuruğu ilə mozalan kimi ona dinclik verməyib yerindən tərpətməyə çalışıram. Sözümə inansanız, məni öldürməyə də bilərsiniz. Amma çox güman ki, siz yuxudan kal durduğu üçün hiddətlənən birisi kimi, məni bilmədən vurub öldürə də bilərsiniz…Onda siz bütün ömrünüzü dərin yuxu içində keçirəcəksiniz

İstinad etdiyim, sizə də maraqlı ola biləcək bəzi mənbələr:

1.Platon “Sokratın müdafiəsi”

2.Jostein Gaarder “Sofinin Dünyası”

3.Alain de Botton “Fəlsəfənin təsəllisi”

4.Google

--

--