Özümü böhrana və ölümə hazırlayıram.

Lala Rustamli
3 min readApr 1, 2020

--

Əgər gündəm xəbərlərini izləyirsinizsə, iqtisadi böhranın qapısında olduğumuzdan az-çox xəbərdarsınız. Belə əhval-ruhiyyə hamının panikasına səbəb olur, qlobal bazarda səhmlərin düşməsi bizi maraqlandırmaya bilər, amma hamımızı birləşdirən ortaq bir nöqtə var: ölüm, ya da kasıblaşmaq qorxusu.

Yoxsulluq qorxusundan hər növ insan əziyyət çəkə bilər, istər heç vaxt kasıblığı görməyən insan, istərsə də bütün ömrünü belə güzəranda keçirən, çünki hər kəs üçün daha pis vəziyyət mövcuddur, baxmayaraq ki bu pis vəziyyətlər müqayisə aparılmayacaq qədər fərqlidir.

Düzünü desəm, karantin dönəmində qorxudan yuxuya getmədiyim vaxtlar olurdu. Ona görə yox ki, işimi həddən artıq sevirəm və işə getmədiyimə görə dünyanın ən ağır əzabını yaşayıram, səbəb odur ki, vəziyyət aşağı getdikcə, bundan özümü və daha çətin vəziyyətdə olan yaxınları necə qoruyacam? Hal-hazırda bildiklərimlə böhrandan az ziyanla necə çıxa bilərəm? Yuxuya getməməyimin nəticəsi olaraq heç də yeni dərman və ya iqtisadi islahat kəşf etmədim, əksinə, səhəri gün daha pis əhval ruhiyyədə oldum və əsəbi sifətlə evdə gəzərək kiməsə xeyrim də dəymədi.

Həyəcan bəzən xeyirli olsa da, insanları tələsik səhv qərar verməyə sürükləyə bilər, çünki insan intuitiv olaraq ağlına gələn ilk məntiqli şeyi etməyə çalışır. Məsələn, elə vaxt olub ki, əlimə qaynar su tökülüb və ağrını basdırmaq üçün sağlam əlimi yaralamağa çalışmışam(çox radikal misaldır, amma bənzər analogiyalarını öz həyatınızda da tapa bilərsiniz), guya ki, digər ağrı əvvəlkinin təsir gücünü azaldır. Fiziki sağlamlıq mövzusunda intuitiv hərəktlər ağılsız olduğu kimi, zehni sağlamlıqda da belə qaydada işləyir. Özümüzü bədbaxt, ümidsiz hiss edəndə bunun səbəbini axtarmaq əvəzinə həmin boşluğu maddi əşyalar, və ya qeyri-sağlam əməllərlə doldurmağın sonrakı peşmançılığı əvvəlki dərdimizdən daha da böyük olması, o dərdi unutdurması anlamına gəlmir.

Ona görə də əvvəlcə oturub özümə sual verdim, bu vəziyyətdə nəyi idarə edə bilərəm, nəyi yox? İdarə etdiyim şeylər: sağlamlığıma və təmizliyə fikir vermək(ən azından xəstəliyə tutulmamağa çalışmaq), vaxtımı ağlamaq əvəzinə faydalı şeylər öyrənərək keçirmək, online keçdiyim dərsləri inkişaf etdirmək və s. İdarə edə bilmədiyim şeylərə isə xəstəliyə tutulmaq, ölmək, və daha betəri, böhranda hamı kimi kasıblamaq aiddir.

Məşhur sitat var ki, problemi idarə edə bilirsənsə, dəyiş, amma əlində deyilsə, o sənin problemin deyil. Amma bu sitat məni sakitləşdirməkdə uğurlu olmadığı üçün alternativ yollara əl atdım.

Bədbəxtlik nədir? Gözlənti-reallıq. Çox pozitiv olanda gözləntim böyük olur, belə olanda reallığın vurduğu şillənin də ağrısı daha güclənir. Ona görə də, oturub biraz təsəvvür etməyə çalışdım, ən pis halda aqibətim nə olacaq?

1. Xəstəliyə tutulsam(və ölsəm). Ölümdən sonrakı boşluğu və və varlığın yox olduğunu nəzərə alanda, ölüm qorxusu mövcud olanların içində ən mənasız olan qorxudur. İndiyə qədər yaşadıqlarımın içində sağ qalmağım özü belə ehtimal nəzəriyyəsini səhv çıxarır, ona görə də indiyə qədər sağ qaldığıma şükür edəcək bir əhval-ruhiyyəyə girdim.

2. Böhranda əziyyət çəksəm. Kasıblaşacam. Pulum azalacaq amma ac qalacaq qədər deyil. Bəs niyə kasıb olmaqdan qorxuram? Bu mövzunu araşdıranda əlavə suallar ortaya çıxdı, və məlum oldu ki, kasıblama qorxusu ölüm qorxusundan daha məntiqlidir, lakin həll olunmayacaq bir məsələ deyil.

Epikürə görə, xoşbəxt olmaq üçün 3 əsas amil olmalıdır: Səni anlayan dostlar, axmaq insanlardan uzaq duracaq qədər azadlıq, və sağlam düşünmək qabiliyyəti. Bəs niyə maddi bolluq bu siyahıya daxil deyil? Çünki, maddiyyatın kökündə yuxarıda sadalananların boşluğu dayanır. Varlanmaq istəyinin kökündə başqaları tərəfindən qəbul olunmaq və maraqla qarşılanmaq, dayanır, çünki adətən görmüşük ki, varlı insanlar daha az varlıların içərisində daha çox diqqət və hörmət qazanırlar. Lakin həqiqi dostları olmayan, diqqət görməyən varlı insan çətin ki, bundan həzz alsın, və bu boşluğu doldurmaq üçün daha artıq maddiyyat qazanmağa çalışır və hərislik dediyimiz şey də əslində burdan qaynaqlanır: diqqət çəkmək, maraqlı insan olmaq ehtiyacı. Bunu başa düşəndən sonra, əlavə maddiyyata gərək qalmır. Düzdür, pul insana bədbəxtlik gətirmir, amma əlavə gəlirin gətirdiyi məmnunluq bir yerdən sonra dayanır, və dostları, azadlığı və düşüncə qabiliyyəti olmayan insan çətin ki, bu həyatdan məmnunluq qazansın.

Bundan sonra bir əziyyətə düşəndə, əgər qarşısını ala biləcəmsə, alacam, bilməsəm, o əziyyətdən həzz almağa çalışacam (bilirəm, etik olmayan zarafat ağlına gəldi). Məsələn, evdə oturub bu bloqu yazmaq, normal günlərimdə heç də alındıra biləcəyim bir şey deyildi, amma bu məni əyləndirdiyi üçün artıq ağlamıram. Həm də ki, həyat özü bütünlüklə ağlamağa layiqdirsə, onun yalnız bir epizoduna görə ağlamağa ehtiyac varmı?

--

--

Lala Rustamli
Lala Rustamli

No responses yet